HƏRİSLİK VƏ ONUN ZƏRƏRLƏRİ
2022-07-05 08:16:05



           Bismilləhir Rahmənir Rahim




  İnsan varlıq etibarı ilə,həris və dünya bər-bəzəklərinə məhəbbət göstərən bir varlıqdır.Onun yaranış xüsusiyyəti bu şəkildə biçilib,yəni insan xarakteri daima təmənna güdən və öz xeyrini arzulayan bir varlıqdı.Əslində bu insanın sonradan əldə etdiyi yox,İlahi yaranışdan bu şəkildə yaradılıb.

  "Həqiqətən insan həris,və kəmhövsələ yaradılmışdır".(Məaric,ayə 19)

  Lakin bu o demək deyil ki insan yaranışdan olan bu xususiyyətini əlində bayraq edib,tələbkarlıq və öz nəfsi istəklərinin təmini üçün İlahi qanunları poza və məqsədinə çatmaq üçün hər növ harama əl ata bilər. Xeyr! İnsanda olan hər bir ruhi xüsusiyyətin mütləq müsbət tərəfi var lakin insan o müsbət tərəfini təqva və imanla,Allaha,onun əmrlərinə itaət etməklə kamilləşdirə bilər.
  Misal olaraq deyək ki,bir insanın zəngin olmasında pul-para sahibi,sərvət sahibi olmasında bir irad yoxdur.Amma,Allah mütal bununçun halal yollar təyin edib,lakin insan haram yollarla bu sərvətə çatmaq istəyirsə və haram yollara əl atırsa,burada sərvət sahibi olmaq məsləsində bir xəta yoxdur,xəta insanın yanlış yollarla sərvət sahibi olmasındadır.Hərisliyin insana vurduğu zərərlərdən biri də budur ki,həris insan heç vaxt kifayətlənməz qane olmaz,sanki dənizin şor suyu kimi,insan onu içdikcə susuzluğu artar.Necəki möminlərin sərvəri hz.Əli(ə)buyurur:

«Hərislik dərdin miniyidir.» (Ğurərul-Hikəm, hədis 280)

Bir insan hərislik xəstəliyinə tutularsa sanki onu daşıyan bir miniyə minmiş olar,və insanı uçurumun kənarına qədər aparıb onu həlak edər.
  
İmam Əli (ə): «Həris qane olmaz.» (Ğurərul-Hikəm, hədis 365)

  Din böyükləri,öz kəlamlarında təkidlə qeyd edirlər ki,insan öz nəfsi istəklərini gəncliydə,yəni qüdrətli vaxtlarında tərbiyə etsinlər,çünki insan yaşlandıqca,əgər özünü islah etməyibsə artıq öz nəfsinin əlində əsirə çevrilər,bu zaman insanda bir neçə nəfsi rəzilliklər baş qaldırar ki,onunla mübarizə aparmağa insanda qüdrət olmaz.Məhz belə insanlar haqqında Hz.Peyğəmbər(s.a.v.v) buyurub:

  "Adəm övladı qocaldıqda ondakı iki xislət,hərislik və uzun-uzadı arzular cavanlaşar". (camius-səadət,c.2,səh.100)

  Həris insan daima yalandan istifadə edər ki məqsədinə çatsın,daima haqq kəsər ki,öz istəklərini həyata keçirsin,bu minvalla həris insan bir çox rəzil nəfsi xəstəliklərə tutular ki,bu da onun aqibətini fəlakətə aparar.
Anlaşılan budur ki,hərislik insanı bir neçə mənfi xislətlərə aludə edir,yalan danışmağa,haqq kəsməyə,Böhtan atmağa və s.Ən dəhşətlisi budur ki,həris insan heç vaxt məqsədinə çatmaz,və sonda əliboş qalar,bir ömür çəkdiyi əziyyət,etdiyi can fəşanlıq,əsəb,stres sadəcə bir heç uğrunda fəda olunar.İnsan son anda hörmətsiz və hər kəsin nəzərindən düşmüş biri kimi dünyadan köçər.

 İmam Əli (ə): «Hərislik ruzini artırmaz, əksinə məqamı və qədir-qiyməti yerə vurar.» (Ğurərul-Hikəm, hədis 1877)

 Diqqət olunası məqamlardan biri budur ki,insanda yaranan hərislik hissinin kökündə Allaha qarşı bədgümanlıq dayanır,bəd güman insanda da özünü müstəqil güc,müstəqil iradə sahibi olmaq hissi bürüyür,elə zənn edir ki,"bunu etməsəm ac qalacam" ,"bunu etməsəm hörmətim olmayacaq" Sanki Allahın ruzi verən olduğunu unudur.Bir növ Allahın qüdrətinə şəkk edir.

  "Allahın Peyğəmbəri (s):«Ey Əli! Bil ki, qorxaqlığın, simiclik və hərisliyin təbiəti birdir və onların kökü (Allaha) bədgüman olmaqdır.»" (İləluş-Şəraye, səh.559, hədis1)

"İmam Əli (ə):«Çox hərisliyin və xəsisliyin bünövrəsi Allaha şəkk və az etimad etmək üzərində qurulmuşdur.»" (Ğurərul-Hikəm, hədis 6195)
 
Allahı and verək öz İzzətinə ki,bizləri hər iki aləmdə izzətlilərdən qərar versin. Amin!

 

Vəssəlamu aləykum vərahmətullahi və bərakətuh!

 

Kərbəlai Fərid Şirəliyev

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.