QURBAN KƏSMƏK
2022-07-09 08:38:27

Bismillahir-Rəhmanir-Rəhim

 

Uca Allahın nəzərinə görə Yer kürəsinin ən üstün məkanı – Məkkədir. Çünki Kəbə evi orada yerləşir. Ona görə də ən fəzilətli əməl – Kəbə evini ziyarət etməkdir.

İmam Cavad (ə) buyurur: “Qurban bayramında beş şeydən fəzilətlisi yoxdur:

1. Qurban kəsmək.

2. Ata və anaya yaxşılıq niyyətilə yol getmək. (Yəni yaxşılıq etmək).

3. Əlaqəsini kəsdiyi qohumuna nəyisə bağışlamaq və salamı başlatmaq.

4. Qurbanın ən yaxşı yerindən başqalarına yemək vermək və qalanını yoxsul və yetim qonşulara vermək.

5. Əsirlərə dəstək olmaq”.

Qurban kəsmək – bu bayramın ən böyük fəzilətli əməlidir ki, hər bir imkanı olan insan bu işi görməlidir. Qurban kəsmək ancaq hacılara aid əməl deyildir. Mahiyyətcə bu əməli hər bir maddi imkanı olan müsəlman etməlidir.

Həzrət Peyğəmbər (s) buyurur ki, hər kim xalis şəkildə Allah üçün qurban kəsərsə, onun qurbanlığının qanının yerə düşən ilk damcısı günahlarının kəffarəsi olar.

Qurban bayramında edilən dualar qəbul olar. Ona görə də Allaha dua edək və yalvaraq. Heç kəs bu günü əliboş qayıtmaz.

Ata və anaya yaxşılıq etmək – Müqəddəs Quranın tövsiyələrindəndir. Hər kəs həmin gündə və başqa günlərdə ata və anasını sevindirərsə, Allah da onu sevindirər.

İmam Sadiq (ə) buyurur: “Ən üstün əməllər: əvvəl vaxtda qılınan namaz, valideynlərə yaxşılıq etmək və Allah yolunda cihad etməkdir”.

Hər kim qohumlarla əlaqəni kəsərsə, Uca Allahın qəzəbinə səbəb olar. Ona görə də bu bayram – barışmaq üçün yaxşı fürsətdir.

Gəlin bu bayramda küsülüləri barışdıraq və ya özləri barışıb sülhü təmin etsinlər. Salamı başlatsınlar. Bu əməllə həm Allahı və Peyğəmbərini (s) sevindirər və həm də qohumu ilə əlaqəsini bərpa etmiş olar.

Quran bayramında bu beş əməli yerinə yetirməyi unutmayaq və onun fəzilətlərindən bəhrələnək.

Qurban-İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlman aləmində hər il Orucluq ayı bitəndən 70 gün sonra qeyd olunur və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.

Qurban kəsilib kasıblara paylanılır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən hadisədən sonra yaranmışdır. Belə ki, yuxuda ALLAH-təala İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların ALLAHA inamını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi ALLAHIN əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır.

ALLAHA qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca ALLAH bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi.

Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.Çox sevdiyi balasını ALLAH yolunda qurban verməyə hazır olması peyğəmbərin ALLAH qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur.

Odur ki, din tarixində dərin iz salmış bu hadisə ALLAHA inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar ALLAHI sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda ALLAHI da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!

Qurani Kərimdə müqəddəs Qurban bayramı barədə:"Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi - ALLAH üçündür",

"Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, ALLAHIN onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) ALLAHIN adını çəksinlər" kimi münasibətlər göstərilir.

Qurban bayramda hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda buyrulur: "ALLAHA nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".

İnsan ALLAHIN yaratdığı ən şərəfli və ən üstün məxluqdur. ALLAH özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir.

Şərtləri:

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur.

 

Məşədi Səftər Xudadlı

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.