Allahın adları və sifətləri ilə təvəssül
2023-07-16 09:09:53

Bismillahir-Rəhmanir-Rəhim

Allahın adları və sifətləri ilə təvəssül

     Allah təala bəndələrini özünün gözəl adları ilə dua edilməsinə əmr edərək buyurmuşdur: “Gözəl adlar Allaha məxsusdur. Onu bu adlarla nida edin. Və Allahın adlarında şirkə yol verənləri tərk edin. Onlar gördüyü əməllərə görə cəzalanacaqlar.” (Əl Əraf surəsi, 180-cı ayə).

     Bu ayə Allahın bütün sifətlərini mənasının gözəlliyinə görə, zati və feli sifətlər arasında heç bir fərq qoymadan gözəl sifətlər adlandırır. Hər bir müsəlmanın vəzifəsidir ki, Allahı bu adlarla çağıraraq belə desin: “Ey Rəhman və Rəhim olan Allah, ey göyləri və Yeri yaradan, ey günahları bağışlayan, ey balaca balalara ruzi verən Allah”...v.s. Bununla da Allahın gözəl sifətlərindən üz döndərib öz bütlərinə Allahın adlarını qoyan müşrikləri tərk etsin.

     Əgər bəndə bütün xeyr və bərəkəti özündə toplayan bu adları zikr edərək sonra isə öz ehtiyaclarını Allahdan istəsə, O da cavab verər və onun dualarını qəbul edər. Bu barədə bir çox səhih hədislər gəlmişdir. Onlardan bəzilərini burada qeyd edirik:

     Əl Tirmizi öz “Səhih”ində Abdullah ibn Bureydədən, o da öz atasından belə nəql: “Bir gün peyğəmbər bir kişinin belə dediyini eşidir: “Ey mənim Allahım, Sənin birliyinə şəhadət verib Əhəd və Saməd olmağını, doğmayıb və doğulmayıb deyərək, Sənə bir kəsin oxşayıb, tayı-bərabəri olmadığını təsdiq edərək Səndən xahiş edirəm.” Peyğəmbər belə buyurdu: “Artıq Allahı ən böyük adı ilə dua etdin. Hər kəs bu adla dua etsə ona cavab verilər və bir şey diləsə ona əta olunar.”[1]

      Bu hədis vəsiləni və Allahın gözəl adları ilə təvəssülü bəyan etməsinə baxmayaraq həmin adamın dilədiyi hacət barəsində bir şey danışmır.

     Əbu Hüreyrədən belə nəql olunur: “Bir gün Fatimə peyğəmbərin yanına gəlib ona ev işlərində kömək etməsi üçün xadimə istəyir. Peyğəmbər ona buyurur ki, belə desin: “Ey mənim Allahım, yeddi səmanın, əzəmətli ərşin pərvərdigarı, ey bizim və hər bir şeyin pərvərdigarı və Tövrat, İncil və Quranı nazil edən, toxumu və (içindəkini) nüvəni parçalayan. Hər bir şeyin şərrindən Sənə pənah aparıram, çünki Sən hər şeyə qadirsən. Sən əvvəlsən və Səndən əvvəl bir şey yoxdur, Sən Axırsan və Səndən sonra bir şey yoxdur . Sən Zahirsən və Sənə üstün bir şey yoxdur, Sən Gizlinsən və Sənsiz bir şey yoxdur. Mənim öhdəmdə olan borcumu əda et və məni bu yoxsulluqdan xilas et.”[2]

     Əl Tirmizi və Əhməd, Ənəs ibn Malikdən nəql edərək deyirlər ki, Ənəs ibn Malik peyğəmbərlə oturmuşdu. Bu zaman isə bir kişi namaz qılmaqla məşğul idi. Sonra belə dua etdi: “Ey mənim Allahım, bütün təriflər yalnız Sənə məxsusdur, Sən (öz bəndələrinə) minnət qoyan, göyləri və yeri yaradansan. Ey cəlalət və ehtiram sahibi, ey daim diri və qəyyum Allah, yalnız səndən xahiş edirəm. Bu vaxt peyğəmbər buyurdu: “Heç bilirsiniz Allahı nəyə and verdi?! Allahı elə böyük adına and verdi ki, əgər bir kəs Onu bu adla dua etsə cavab verilər və hər nə diləsə ona əta olunar.”[3]  

     Əhli beyt imamlarından gələn hədislərdə bu cür təvəssüllərə rast gəlmək olar:

     İmam Rza (ə) öz babası İmam Baqirdən belə nəql edərək buyurur ki, o, Ramazan ayında Allah təalanı belə dua edərdi: “Ey mənim Allahım, Səni malik olduğun məqam və səltənətə and verərək xahiş edirəm, Səni yalnız Sənə məxsus olan bütün məqam və bütün səltənət və hakimiyyətinə and verərək xahiş edirəm. Ey mənim Allahım, Səni xahiş edən zaman verdiyin cavaba and verirəm mənə cavab ver, ey Allah.”[4]

     Şeyx Tusi “Misbah əl mütəhəccid” kitabında İmam Baqir və İmam Sadiq (ə)-dan “Simat” adlı duanı nəql etmişdir. Həmin duanın girişində belə gəlmişdir: “Ey Allahım, Səni son dərəcə əzəmətli, əziz, böyük və hörmətli adına and verərək xahiş edirəm. Bu ad elə bir addır ki, əgər səmanın bağlı qapılarına rəhmətlə açılması üçün oxunursa o qapılar açılar və əgər Yer qapılarının arasına açılması üçün oxunarsa açılar və əgər yüngüllük üçün çətinliyə oxunarsa yüngülləşər...”[5]

               Həqiqətən Allah təalanın həmd və sənası və Quranın onu vəsf etdiyi sifətlərlə sifətlənməsi duanın qəbul olunması üçün gözəl zəmin yaradır və dua edən şəxsin Onun rəhməti, əfvi, sonsuz dərəcə kəramətinə olan haqqını bəyan edir. Təvəssülün bu qismi bütün İslam ümməti tərəfindən qəbul etdildiyi üçün bu qısa bəyanla kifayətlənirik.

Ardi var.

 

 Müəllif: Əllamə Cəfər Sübhani

                   

                   Mütərcim tərəfindən bəzi əlavələr edilmişdir. 

 

Mütərcim: Ustad Hacı Heydər

 

 

[1] Əl Tirmizi, “Əl cami əl səhih”, 5-ci cild.

[2] Həmin məsdər

[3] Həmin məsdər

[4] Seyid ibn Tavus əl Hilli, “Əl iqbal”

[5] Şeyx Tusi, “Misbah əl mütəhəccid”

İnteraktiv Quran
Quranı dinlə
Məscidlərin Ünvanları
Regiona görə axtar
daxil ol >
Günün əməlləri

Allahın adı ilə

 

Şeyx Tusi bildirib ki, Məhərrəm ayının ilk on gününü oruc tutmaq müstəhəbbdir, lakin Aşura günü oruc tutulmamalıdır və əsrdən sonra yemək və şərabdan uzaq durmalı və az miqdarda türbət yeməsi bəyənilib.

 

 

Ustad Hacı Eışən Badkubei
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.