Qurani Kərimlə təvəssül
2023-07-18 08:34:26
bİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
Qurani Kərimlə təvəssül
İnsan övladı vəsf və ifadə vasitələrində hər nə qədər ixtiraçı olsa da Allah təalanın kəlamını vəsf etmək iqtidarında deyildir. Belə ki, bunu Allah təala Quranda özü etiraf edir. Allah Quranı bu adlarla vəsf etmişdir: Nur, bəyan edən kitab, müttəqi insanların hidayət kitabı, hər bir şeyi bəyan etmək üçün haqla nazil olan v.s.
Allahın kitabı Onun yaratdıqlarındandır. Buna görə də Quranla təvəssül və Qurana and verib diləmək Allahın yaratdığını vasitə qərar verməkdən ibarətdir. Çünki Onun rəhməti və mərhəməti hər bir şeyi əhatə etmişdir. Bununla da Allahın kitabını vasitə qərar verən şəxs təvəssülün bu qisminin mötəbər olduğunu dəlil vasitəsi ilə sübuta yetirməlidir. Bu ona görədir ki, hər bir müsəlman gördüyü işin şəriət tərəfindən dəlil və sübutla isbatına yəqin etməli və bilməlidir ki, etiqad etdiyi hər hansı bir şey monoteizm prinsipi ilə heç bir ziddiyət təşkil etmir.
Əhli sünnət alimlərindən olan İmam Əhməd İmran ibn Harisdən nəql edərək belə deyir: “Bir gün hekayə söyləyən bir kişinin yanından sovuşurdum. İmran sözünə başlayaraq belə dedi: “Biz Allahdanıq və Ona doğru qayıdacağıq. Allahın rəsulundan eşitdim ki, belə deyərdi: “Quran oxuyun və Quranı vasitə qərar verərək Allah təaladan diləyin.”[1]
Hədisə diqqətlə nəzər salan insana bir həqiqət açıqlanmaqdadır. O da Allah yanında məqam və hörmətə malik olan hər bir şeyi Onun dərgahına vasitə salmaqdan ibarətdir. Quranın vasitə qərar verilməsi bu kitabın Allah dərgahında izzət və hörmətə malik olması üçündür. Həmin bu sifətlər əziz İslam peyğəmbəri və onun pak və məsum Əhli beytində mövcuddur.
İbn Tavus əl Hilli “Əl iqbal” kitabında Əhli beytdən nəql etdiyi rəvayətdə belə deyir: “Qədr gecəsində Quranı açıb belə demək müstəhəbdir: “Ey mənim Allahım, Səni nazil olmuş Qurana və içindəkilərə and verərək diləyirəm. Bu kitabda Sənin böyük ismin, gözəl adların, insanı qorxuya salan və ümid verən ayələr var. Məni cəhənnəm odundan azad olunmuşlardan qərar ver.”[2]
Saleh əməllərlə təvəssül
Əgər təvəssül hər hansı bir şeyi Allahın hüzuruna təqdim edərək duanın qəbul olunmasını diləməkdirsə, onda şübhəsiz ki, saleh əməllər Allaha yaxın olmaq üçün ən gözəl vasitələrdəndir. Bunun nəticəsi olaraq Allahın rəhməti nazil olur və dua qəbul olur. Hətta bəzi ayələrdə bu mətləbə açıq-aşkar olmasa da bəzi işarələr vardır. Buna baxmayaraq peyğəmbər və Əhli beytin sünnəti buna, tamamilə, dəlil ola bilər. İndi isə bəzi Quran ayələrinə müraciət edək: “İbrahim və İsmayıl Kəbə evinin bünövrəsini qaldırdıqları zaman (İbrahim) belə dedi: “Bizim pərvərdigarımız, bizdən qəbul et. Həqiqətən, sən eşidən və bilənsən. Ey bizim pərvərdigarımız, bizi Sənə təslim olanlardan qərar ver, bizim nəslimizdən də Sənə təslim olan ümmət qərar ver. Bizə ibadətlərimizi göstər və bizləri bağışla. Həqiqətən, Sən bağışlayan və rəhimlisən.” (Əl Bəqərə surəsi, 127 və 128-ci ayələr)
Gördüyünüz kimi İbrahim və onun səbrli oğlu Allaha vəsilə olaraq kəbənin təmir olunmasını təqdim edərək bir neçə şey dilədilər: əməlin qəbul olunmasını, ikisinində Allaha təslim olanlardan qərar verilməsi, həmçinin onların nəslindən olan insanların sırf Allaha təslim olması, ibadətlərin tanıtdırılması və tövbənin qəbulu.
Düzdür, bu ayə açıq-aşkar bizim mətləbə dəlalət etməsə də, lakin İbrahim peyğəmbərin öz oğlu ilə birlikdə Kəbə evinin bünövrəsini qaldırdığı zaman etdiyi duaların təsadüfü olmamasına işarədir. Buradan belə nəticə çıxartmaq olar ki, saleh əməllə dua arasında güclü bağlılıq vardır. Buna görədə İbrahim peyğəmbər səmimi qəlbdən bu saleh əmələ bağlanaraq duasını diləmişdir.
Allah təala buyurur: “O kəslər ki, ey bizim pərvərdigarımız-deyə, nida edərək diləyərlər: “Həqiqətən, biz iman gətirmişik, bizim günahlarımızı əfv elə və bizləri cəhənnəm əzabından qoru.” (Ali İmran surəsi, 169-cu ayə)
Bu ayədə bir qədər təfəkkür edən şəxsə kifayətdir ki, əfv ilə iman gətirmək arasında olan sıx əlaqəni anlasın. Əgər bu qəbildən olan ayələri təhqiq etsək görərik ki, bu ayələr açıq-aşkar deyil, sadəcə olaraq, söhbəti gedən mətləbə işarə edir. Lakin peyğəmbərdən gələn hədislərdə saleh əməlin dua zamanı xatırlanması Allahın rəhmətini qazanmaq üçün vasitələrdən biri kimi qeyd edilir. Beləliklə, Onun rəhməti bəndəyə nazil olaraq diləyini qəbul dərəcəsinə çatdırır.
İndi isə hər iki məzhəbin (Əhli sünnət və şiə) rəvayət etdiyi əhvalatı təqdim edirik. Əl Buxari ibn İmrandan, o da Allahın rəsulundan belə nəql edir: “Sizdən əvvəlki ümmətlərdən üç nəfər yol ilə gedirmişlər. Birdən yağışa düşürlər. Bu vaxt bir mağaraya pənah aparırlar. Mağaraya girən kimi daşlar tökülüb onun girişini bağlayır. Bir-birilərinə belə deyirlər: “And olsun Allaha bizi buradan yalnız düzgünlük xilas edə bilər. Elə isə bizdən hər birimiz düzgün əməllə dua etsin.
Onlardan biri belə deyir: “Ey mənim Allahım, Sən bilirsin ki, mənim bir işçim var idi. O, düyü sahəsinin bir hissəsində işləyirdi. Lakin oranı tərk edib getdi. Mən həmin sahəyə getdim və çəltik əkdim. Bir gün mən ondan bir inək almalı oldum. O, mənim yanıma gəlib məndən zəhmət haqqını tələb etdi. Mən ona belə dedim: “O inəyi götür apar”. O, öz tələbinə davam edərək dedi: “Sən mənə düyü sahəsinin bir hissəsini verməlisən.” Cavabında isə yenə də ona dedim ki, o inəyi götür apar. O inək həmin sahənin məhsulundandır. Həmin adam inəyi özü ilə apardı. Ey Allahım, Sən bilirsən ki, mən bu işi Sənin qorxundan etdim. Bizi xilas et. Bunun nəticəsində qaya parçası bir qədər geri çəkildi.
Ikinci isə belə dedi: “Ey mənim Allahım, sən bilirsən ki, mənim qoca atam və anam var idi. Hər gecə onlara öz qoyunumun südündən gətirərdim. Bir gecə onlara süd gətirməyi gecikdirdim. Mən evə daxil olanda artıq onlar yatağa girmişdilər. Ailəm və uşaqlarım aclıqdan ağlaşırdılar. Atam anamı içirtməyincə onlara bir şey verməzdim. Nə onları oyatmaq, nə də ki, südü içərək rahat olmalarını tərk etmək istəmədim. Bu minvalla dan yeri sökülünə qədər gözlədim. Ey Allahım, Sən bilirsən ki, mən bu işi sənin qorxundan etdim. Bizi xilas et. Elə bu an qaya parçası mağaranın ağzından çəkildi və onlar rahatlıqla göy üzünü müşahidə etdilər.
Onların üçüncüsü isə belə dedi: “Ey mənim Allahım, Sən bilirsən ki, mənim bir əmim qızım var idi. O, mənə hamıdan sevimli idi. Mən onu cinsi əlaqəyə sövq etdim, amma o, imtina etdi. Və mənə dedi ki, əgər ona yüz dinar gətirsəm mənimlə razılaşacaq. Mən həmin məbləği əldə etmək üçün çalışdım və sonda bu məbləği əldə edib ona gətirdim. Məbləği ona verəndən sonra onunla cinsi əlaqəyə girmək üçün mənə fürsət verdi. Mən onun qarşısında dayanan zaman mənə belə dedi: “Allahdan qorx və mənimlə ancaq şəriətin buyurduğu yolla əlaqəyə gir!” Mən ayağa qalxıb yüz dinarı orada qoyaraq bu işi tərk etdim. Allahım, sən bilirsən ki, mən bu işi Sənin qorxundan etdim, bizə nicat ver! Allah təala onlara həmin çıxılmaz vəziyyətdən nicat verdi və onlar mağaranı tərk etdilər.”[3]
Peyğəmbər bu hədislə demək istəyir ki, ümmətində olan hər bir kəs öz gördüyü saleh əməli duasının qəbul olmasi üçün vasitə qərar verə bilər. Əgər bu kimi şeylər yalnız keçmiş ümmətlərə məxsus olsaydı onda bunu bəyan etməli idi. Bu hədis bəzi söz fərqlərinə baxmayaraq, həm Əhli sünnət, həm də şiə məzhəbinin alimləri tərəfindən rəvayət olunmuşdur.
Əhməd ibn Xalid Əl Bərqi “Məhasin” kitabında Əbdürrəhman ibn əbi Nəcrandan, o isə Əl Mufaddal ibn Salehdən, o da Cabir Əl Cufidin belə rəvayət edir: “Allahın rəsulu belə buyurmuş: “Bir gün üç nəfər yer kürəsini səyahət etməyə çıxmışlar. Uca bir dağın qülləsində bir mağarada Allaha ibadət edərkən dağın başından bir qaya parçası dığırlanıb mağaranın ağzını tamamilə örtür. Onlar biri-birilərinə belə dedilər: “Ey Allahın bəndələri, and olsun Allaha ki, bizi bu düşdüyümüz çətinlikdən yalnız Allaha olan sədaqətimiz xilas edəcək! Elə isə, sırf Allah yolunda gördüyünüz və bununla da günahdan nicat tapdığınız saleh əməllərdən söyləyin.”
Onlardan biri sözünə başlayaraq belə dedi: “Ey Allahım, Sən bilirsən ki, mən bir qadını onun gözəlliyinə vurularaq istəyirdim. Onun yolunda çoxlu var-dövlət sərf etdim. Axır ki, istədiyimə nail oldum. Lakin onunla cinsi əlaqəyə girmək istərkən cəhənnəm odunu yada saldım. Sənin qorxundan fəryad edə-edə onun yanından çıxdım. Ey Allahım, bu qayanı bizim qarşımızdan götür.” Bu zaman qaya parçası çartladı və onlar rahatlıqla bu çatı müşahidə etdilər.
Onlardan ikincisi isə belə dedi: “Ey Allahım, Sən bilisən ki, mən bir qrup işçini torpaq sahəsində əkin işi üçün icarə etmişdim və hər bir kişiyə yarım dirhəm söz vermişdim. İşlərini qurtardıqdan sonra onlara zəhmət haqlarını verdim. Amma onlardan biri belə dedi: “Mən iki nəfərin işini görmüşəm, and olsun Allaha gərək mənə bir dirhəm verəsən.” O, haqqını tərk edib getdi. Həmin yarın dirhəmlə sahəni becərdim və Allah təala mənə ruzi-bərəkət yetirdi. Bir gün həmin yarım dirhəmin sahibi gəlib haqqını tələb etdi. Mən ona on min dəyərində mal verdim. Allahım, Sən bilirsən ki, mən bu işi sənin qorxundan etdim, bizi buradan xilas et.” Bu zaman qaya parçası elə aralandı ki, onlar (təəccüblə) bir-birilərinə baxdılar.
Onların üçüncüsü isə belə dedi: “Ey Allahım, Sən bilirsən ki, bir gün atam və anam yatmışdılar. Mən onlara bir qab süd gətirmişdim. Həm südün xarab olmasından qorxdum, həm də onları yuxudan oyatmağa ürək etmədim, fikirləşdim ki, onlara çətin olar. Beləcə heyrətdə qalmışdım ki, onlar oyandılar və südü içdilər. Ey Allahım, Sən bilirsən ki, mən bu işi Sənin razılığını qazanmaq üçün etdim. Bizi buradan xilas et.” Qaya parçası mağaranın ağzından aralandı və yola düşdülər. Sonra Allahın rəsulu əlavə edərək buyurdu: “Hər kim Allaha sadiq olsa nicat tapar.”[4]
Təfsir alimi Təbərsi belə yazır: “Quranda xatırlanan “Əshab əl Raqim” həmin üç nəfərdirlər ki, mağaraya girmiş və mağaranın ağzı örtülmüşdür. Onlar bir-birilərinə belə müraciət etdilər: “Gərək bizlərdən hər birimiz öz gördüyü əməli xatırlayaraq Allaha dua etsin ki, nicat tapaq.” Və belə də etilər. Nəticədə Allah təala onlara nicat verdi. Bu hədisi Əl Nüman ibn Bişr də nəql etmişdir.
Mənə elə gəlir ki, yuxarıda göstərilənlər bizim mətləbimizi şərh etmək üçün kifayətdir. Daha çox şərh istəyənlər isə rəvayət və hədis kitablarına müraciət edə bilər.
Ardi var.
Müəllif: Əllamə Cəfər Sübhani
Mütərcim tərəfindən bəzi əlavələr edilmişdir.
Mütərcim: Ustad Hacı Heydər
[1] Əhməd ibn Həmbəl, “Musnəd”, həmçinin bu hədisi Əl Təbərani və Əl Beyhəqi öz hədis kitablarında nəql edir
[2] Seyid ibn Tavus əl Hilli, “Əl iqbal”
[3] Əl Buxari, “Səhih”, Dəməşq çapı, İbn Kəsir mətbəəsi, 3-cü cild, səh. 1278
[4] Əhməd ibn Məhəmməd ibn Xalid əl Bərqi, “Kitab əl məhasin”
- Namaz Vaxtları
- Namazın Təqibatı
- Dualar və əməllər
- İslam Təqvimi
Tarix: 14/09/2024
SÜBH AZANI 4:49
GÜN ÇIXMA 6:20
ZÖHÜR AZANI 12:36
GÜN BATMA 18:51
MƏĞRİB AZANI 19:10
GECƏ YARISI 23:50
İnteraktiv Quran
Quranı dinlə
Günün əməlləri
Abunə ol
Daima yenilənən dini məqalələrdən xəbərdar ol.
Facebook səhifəmiz